gundem / sosial / Səhiyyə / Cəmiyyət
30.09.2025
İcbari tibbi sığorta sistemi ilə bağlı narazılıqlar artır
Son aylarda icbari tibbi sığorta sistemindən istifadə edən vətəndaşların şikayətləri nəzərəçarpacaq dərəcədə artıb. Xəstəxana və poliklinikalarda qeydiyyat zamanı yaranan süni əngəllər, həkimlərin xəstələri qəbul etməməsi, vaxtında tibbi xidmət göstərilməməsi kimi hallar “DogruXeber.tv” redaksiyasına daxil olan çoxsaylı müraciətlərlə bir daha təsdiqlənir. Xüsusilə Bakı və ətraf qəsəbələrdə yerləşən dövlət tibb müəssisələrində bu cür halların daha geniş yayıldığı bildirilir.
Şikayətçilərin sözlərinə görə, bəzi poliklinikalarda tibb bacıları və qeydiyyat işçiləri vətəndaşları qəbul etməkdən imtina edir, "sistem işləmir", "həkim yoxdur", "növbə doludur" kimi səbəblərlə onları geri qaytarırlar. Ən çox rast gəlinən problemlərdən biri də xəstələrin ailə həkimi tərəfindən qəbul edilməməsi və əvəzində özəl tibbi mərkəzlərə yönləndirilməsidir.
“DogruXeber.tv” əldə etdiyi məlumata əsasən, bəzi hallarda xəstələrə əlavə analiz və müayinələr üçün özəl klinikaların təklif edilməsi, hətta konkret klinikaların adlarının çəkilməsi, bu istiqamətdə suallar doğurur.
Ekspertlər bildirir ki, icbari tibbi sığorta sistemi əslində sosial ədalət prinsipinə əsaslansa da, onun icrasında ciddi nəzarət və mexanizmlər yetərli deyil. Həkim çatışmazlığı, texniki problemlər və maliyyə məsələləri səbəbindən bəzi poliklinikalarda xidmət ya keyfiyyətsiz, ya da ümumiyyətlə təqdim edilmir. Nəticədə sadə vətəndaş yenidən ya pul ödəyərək özəl klinikalara müraciət edir, ya da ümumiyyətlə tibbi xidmətdən uzaq qalır.
Rəsmi qurumlar şikayətlərin olduğunu qəbul etsə də, məsələ ilə bağlı struktur dəyişikliklərinin və nəzarət mexanizmlərinin gücləndiriləcəyini bildirirlər. Lakin reallıqda bu dəyişikliklərin nə zaman və necə həyata keçiriləcəyi hələ də aydın deyil. Hazırda yüzlərlə insan lazımi tibbi xidmətdən məhrum qalaraq növbə və sistem problemləri ilə qarşı-qarşıya qalır.


