gundem / Təhsil
27.04.2026, 09:45
Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən "Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək" layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal baza istifadəyə verilib.
DogruXeber.tv xəbər verir ki, bu barədə "Report"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, platformanın yaradılmasında əsas məqsəd ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır.
Bu platforma ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqlarını vahid bazada birləşdirən ilk açıq çıxışlı rəqəmsal bazadır. Hazırda bazada 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı haqqında məlumat yerləşdirilib.
Bazada avadanlığın adı, istehsalçı şirkəti və ölkəsi, istehsal ili, yerləşdiyi laboratoriya, şəkli, eləcə də avadanlığa məsul şəxs barədə məlumatlar təqdim olunur. Bildirilib ki, layihə laboratoriya avadanlıqlarından daha səmərəli istifadə olunmasına, eyni avadanlığın müxtəlif qurumlar tərəfindən təkrar alınmasının önlənməsinə və büdcə vəsaitlərinə qənaət edilməsinə töhfə verəcək.
Platforma alim və tədqiqatçıların elmi fəaliyyətini dəstəkləməklə yanaşı, elmi, sənaye və korporativ müəssisələr arasında əməkdaşlıq imkanlarını genişləndirəcək. Hazırda sistemdə yerləşdirilən məlumatlar davamlı olaraq yenilənir və genişləndirilir. Yaxın mərhələdə platformada elmi və ali təhsil müəssisələrinin elmi nəşrlərinin və tədqiqatçı profillərinin də yerləşdirilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, inventarında olan laboratoriya avadanlıqları haqqında məlumatları elmi ictimaiyyətlə bölüşmək istəyən sənaye və korporativ müəssisələr də layihəyə qoşula bilərlər.
Rəqəmsal repozitariyaya bu keçid vasitəsilə daxil olmaq mümkündür: https://dspace.eatda.edu.az/home



