gundem / maraqli / Cəmiyyət / Manşet
4.05.2026, 09:30
Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

DogruXeber.tv xəbər verir ki, Bakı şəhərində nəqliyyat sıxlığı artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Səhər və axşam saatlarında yolların iflic vəziyyətə düşməsi təkcə vaxt itkisi deyil, həm də iqtisadi və sosial problemlər yaradır. Bəs bu tıxacların əsas səbəbi nədir?
İlk baxışda problem avtomobillərin sayının sürətlə artması ilə əlaqələndirilir. Son illərdə ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur. Lakin məsələ təkcə bununla bitmir. Şəhər infrastrukturu bu artıma adekvat şəkildə inkişaf etməyib. Yolların genişləndirilməsi, alternativ marşrutların yaradılması və ictimai nəqliyyatın təkmilləşdirilməsi gecikən addımlar kimi qiymətləndirilir.
Digər mühüm səbəb isə nəqliyyatın düzgün idarə olunmamasıdır. Yol hərəkətinin təşkili, svetoforların sinxronlaşdırılması və parklanma problemləri tıxacları daha da dərinləşdirir. Xüsusilə mərkəzi küçələrdə nizamsız park edilmiş avtomobillər hərəkət zolaqlarını daraldaraq süni sıxlıq yaradır.
Bundan əlavə, ictimai nəqliyyatın cəlbedici olmaması da vətəndaşları şəxsi avtomobillərdən istifadəyə vadar edir. Avtobusların interval problemi, metroya çıxışın bəzi ərazilərdə məhdud olması və alternativ nəqliyyat vasitələrinin zəif inkişafı vəziyyəti çətinləşdirir.
Məsələyə münasibət bildirən tanınmış jurnalist, hüquqşünas Kamal Əsgərov bu cür münasibət bildirib ki, Bakıdakı tıxac problemi yalnız texniki məsələ deyil, həm də idarəetmə və planlaşdırma böhranının nəticəsidir. Onun fikrincə, şəhərsalma siyasətində uzunmüddətli strategiyanın olmaması və qərarların parçalanmış şəkildə verilməsi bu gün müşahidə olunan xaotik nəqliyyat mənzərəsini formalaşdırıb.

Mənim mövqeyimə görə isə problemə daha geniş prizmadan yanaşmaq lazımdır. Tıxacların əsas səbəbi yalnız yolların azlığı və ya avtomobillərin çoxluğu deyil, sistemsiz yanaşmadır. Əgər şəhərdə yaşayış massivləri, iş yerləri və sosial obyektlər planlı şəkildə yerləşdirilmirsə, bu, avtomatik olaraq insanların eyni istiqamətdə və eyni saatlarda hərəkət etməsinə səbəb olur. Nəticədə ən geniş yol belə bu yükü daşıya bilmir.
Hesab edirəm ki, problemin həlli üçün kompleks yanaşma vacibdir: ictimai nəqliyyatın keyfiyyəti artırılmalı, alternativ nəqliyyat vasitələri (velosiped yolları, elektrik skuterləri və s.) inkişaf etdirilməli, eyni zamanda şəhərsalma siyasəti yenidən nəzərdən keçirilməlidir. Əks halda, görülən lokal tədbirlər yalnız müvəqqəti effekt verəcək.
Nəticə etibarilə, Bakıda tıxac problemi çoxşaxəli səbəblərdən qaynaqlanır və onun həlli də yalnız sistemli, uzunmüddətli və peşəkar yanaşma ilə mümkündür.


