“Azərbaycanda eyni səviyyədə 3 klub var” - “Qarabağ”ın futbolçusu

“Azərbaycan Premyer Liqası 8 komandalı maraqlı çempionatdı. Onda iştirak etmək istəyən klub bunun üçün bank zəmanəti təqdim edir. Maaşların ödənilməsində heç bir gecikmə yoxdu”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Qarabağ”ın bolqarıstanlı futbolçusu Simeon Slavçev öz ölkəsinin mətbuatına müsahibəsində deyib.
Yay fasiləsində Ağdam klubunın "Sportinq"dən transfer edərək 3 illik müqavilə bağlayan 25 yaşlı yarımmüdafiəçi özünü burada çox xoşbəxt hiss etdiyini bildirib: "Stadionlar kiçik olsa da, hamısı yeni və yaxşıdı. Eyni səviyyədə 3 komanda var – "Qarabağ”, "Qəbələ” və "Neftçi”. Son illər çempionatda fəal rəqabət aparırlar. Bildiyiniz kimi, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Paytaxt Bakı çox xoşuma gəlir, Dubay və Vyananın yaxşı vəhdətini təşkil edir. İnsanlar arasında qarşlıqlı hörmət var. Buna ilk günlərdən şahid oldum".
Slavçev irəliyə baxdığını söyləyib: "Bu klubla müqavilə bağladığım üçün şadam. Düşünürəm ki, gələcəkdə məni uğurlu mövsümlər gözləyir. Bura tez uyğunlaşdım. Rəhbərlik və azarkeşlər mənə rəğbət bəsləyir. "Sportinq”də isə belə şey yox idi. Bir futbolçu kimi özümü sübut etmək istəyirəm”.
Simeonun fikrincə, Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alan "Sportinq”də potensialı düzgün qiymətləndirilməyib: "Bu klub hədsiz iddialı idi. Amma heç vaxt özümü göstərmək üçün real şans verilmədi. Əminəm ki, "Sportinq"in azarkeşləri Simeon Slavçevin kim olduğunu bilirlər. Onlar mənim üçün böyük məbləğ ödəndiyinin fərqindədirlər. Lakin niyə meydana çıxmadığımdan xəbərsizdirlər. Bu, mənim yox, məşqçilər korpusu və rəhbərliyin problemidi. Məni dəfələrlə öz istəyim olmadan başqa klublara icarəyə göndərdilər. Fikirləşirdim ki, barəmdə düzgün qərar verəcəklər. Ancaq səhv etdim. "Liteks"dən "Sportinq”ə gedişim düzgün deyildi. Bu klubla bağlı xoş xatirələrim yoxdu”.
Qeyd edək ki, Slavçev sentyabrın 9-da Bolqarıstan yığmasının Norveçlə keçirdiyi UEFA Millətlər Liqasının oyunundan əvvəl isinmə hərəkətləri zamanı zədələnib. Tibbi müayinə nəticəsində bəlli olub, ki, yarımmüdafiəçi iki həftəlik sıradan çıxıb. Bu isə o deməkdi kİ, Simeon "Qarabağ"ın qarşıdakı 3 matçını - Topaz Premyer Liqasında "Sumqayıt"la səfər (14 sentyabr), "Qəbələ" ilə ev (23 sentyabr) oyunlarını, Avropa Liqasında isə "Sportinq"lə Portuqaliyadakı ilk tur qarşılaşmasını (20 sentyabr) buraxmalı olacaq.


