gundem / sosial
25.08.2021, 18:57
"Həm 96 yaşım var, həm də 98..."
dogruxeber.tv: - Bu gün Azərbaycan radiosunun ilk diktorlarından biri olan, həm də ilk gimnast qadını, əməkdar artist Züleyxa Hacıyevanın 98 yaşı olur. Uzun illərdir mətbuatdan uzaq düşən sənətkar illər sonra Moderator.az-a danışıb.
“Doğum günümdə məni yada saldığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Hər il olduğu kimi bu il də məni təbrik edənlər çoxdur. İstər iş kollektivindən, istərsə də digər insanlar. Mənim şəxsiyyət vəsiqəmdə doğum günüm 1923-cü il qeyd olunub. Amma mən 1925-ci ildə doğulmuşam. Gimnast olduğuma görə məni mötəbər bir yarışa aparmaq istəyirdilər, amma yaşım çatmırdı. Məşqçimiz mənə dedi ki, gəl sənin yaşını artıraq, yarışa get. Yaşım artdığına görə o mötəbər turnirdə iştirak edə bildim. Həm 96 yaşım var, həm də 98 (gülür). Ümumiyyətlə mən nəinki öz doğum günümü, övladlarımın da doğum günlərini təntənəli keçirmişəm. İşdə-gücdə olsam da vaxt tapıb evimə gəlirdim, onların ürəkləri istəyən bütün təamları hazırlayırdım. Mətbəximə, evə bağlı bir qadınam. Əlimdən hər şey gəlirdi, nə olsun ki, radioda diktor idim? (gülür). Həyat yoldaşımın da doğum günü avqustdadır, bu da bağ vaxtına təsadüf edirdi. Ad günlərimizi bağda qeyd edirdik. Qonaqlarımız da çox olurdu, istər işdən, istərsə də qohum-əqrabadan, dostlardan” deyə diktor bildirib.
Əfsanəvi diktor iş üçün darıxdığını da bildirib.
“Koronovirus xəstəliyi yayılandan demək olar ki, evdən çölə çıxmıram. Ünsiyyəti də azaltmışam. Nə övladlarımı, nə də nəvə-nəticələrimi yanıma qoymuram. Bir-birimizlə telefonla əlaqə saxlayırıq. Bütün günü televiziyanı izləyirəm, qəzet-jurnal oxuyuram, radioya da qulaq asıram. Amma qəzet oxumaq mənə daha maraqlıdır. Ötən günlərimi yadıma salıram. İşə qəbul olunmağım dünənki gün kimi yaddaşımdadır. Amma yaş da öz işini görür, elə xatirələr var ki, yadımdan çıxıb. Yalandan deyim ki, iş üçün darıxmamışam? Əlbəttə ki, darıxmışam! Radio üçün, mikrofon üçün çox darıxıram. Bizim dövr bir başqa idi. Mən görün kimlərlə işləmişəm. Həmkarlarımın hamısı demək olar ki, dünyalarını dəyişiblər. Allah Qara Tağızadəyə, Aydın Qaradağlıya, Fatma Cabbarovaya, Gültəkin Cabbarlıya rəhmət etsin! Çox gözəl kollektivimiz var idi, o qədər məsuliyyətli insanların içərisində çalışırdım kı. İşdə məsuliyyətli olmağı onlardan öyrənmişəm. Bizim səhv etmə şansımız yox idi, çünki senzura var idi, istədiyimizi deyib-danışa bilməzdik. Mətndə yazılandan kənara çıxa bilməzdik, güclü nəzarət var idi. Hər zaman gərginlik içərisində idik, çox həyəcanlanırdıq. Radioda mətni oxuyub çıxandan sonra sanki böyük bir yükün altından çıxmış kimi olurduq” deyə Züleyxa Hacıyeva deyib.
Əfsanəvi diktor Züleyxa Hacıyeva müasir radio aparıcılarına tövsiyyələrini də bildirib.
“İndi nisbətən sərbəstlikdir, kim nə istəyir, onu da danışır. O qədər də böyük həvəslə radioya qulaq asa bilmirəm. Maraqlı heç nə görmürəm. Daha çox məişət söhbətlərini edirlər, maarifləndirici heç nə yoxdur. Bəzən də aparıcı mətni reaksiyasız oxuyur. Axı diktorun özünün də xəbərə xüsusi yanaşması olmalıdır. Sevincli xəbəri də, kədərli xəbəri də eyni tonda, səsdə oxuyurlar. Bu qətiyyən doğru deyil. Təbii ki, içlərində yaxşı olan radio aparıcıları da var” deyə əfsanəvi diktor bildirib.


