gundem / hadise / bolge
30.12.2021
Siyəzəndə doğuş zamanı ana ölümü baş verib - TƏFƏRRÜAT
Siyəzən rayonunda doğuş zamanı ana ölümü baş verib.
"dogruxeber.tv" APA-ya istinadən xəbər verir ki, hadisə Siyəzən Regional Diaqnostika Mərkəzində qeydə alınıb. Mərkəzə doğuşa gələn 33 yaşlı Zeynalova Şəbnəm Nizaməddin qızı orada ölüb.
Tibb müəssisəsinin rəhbəri Dadaş Hümbətov APA-ya bildirib ki, bu, Şəbnəm Zeynalovanın 5-ci hamiləliyi olub, onun iki övladı yaşayır. Onun sözlərinə görə, 12 ildən sonra yenidən hamilə qalan qadın doğuş öncəsi palataya yerləşdirilib: “Həkim nəzarəti altında təbii doğuş prosesi gözləyən zaman xəstənin vəziyyəti qəfildən pisləşib. Aparılan lazımi reanimasiyon tədbirlərə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Ana dünyasını dəyişib, bətnindəki körpə tələf olub”.
İlkin ehtimallara görə ölümə tromboemboliya səbəb olub.
D.Hümbətovun sözlərinə görə, faktla bağlı Siyəzən rayon Prokurorluğuna və TƏBİB-ə məlumat verilib. Hər iki qurumda araşdırmalar aparılır.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.


