gundem / siyaset
25.04.2022, 17:58
Son 5 gün və bitməyən erməni təxribatı... - “Paşinyan sülhə hazır deyil”
dogruxeber.tv: - Aprelin 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, burada bir nüans diqqət çəkir. Belə ki, hər dəfə Azərbaycan və Ermənistan liderləri arasında görüşlərin keçirilməsindən sonra bu tip təxribatlar yaşanır. Bu isə təbii ki, təsadüf deyil və İrəvanın məqsədi aydındır. Onlar belə təxribatlar törətməklə sülh prosesi ilə bağlı danışıqlara kölgə salmaq və müzakirələrin müddətini uzadaraq vaxt qazanmağa çalışırlar.
Nəzərə alaq ki, sərhədlərin delimitasiyası və demarkasyası ilə bağlı birgə komissiya aprelin sonunadək fəaliyyətə başlamalıdır. Yəni cəmi 5 gün qalıb. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, erməilər zamanla Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər unudulsun deyə belə təxribatlar əl atırlar:
“Erməni mətbuatı riyakarlıq edərək əsgərin yolunu azaraq təsadüfən sərhədi keçdiyini yazır. Ümumiyyətlə, Ermənistan vətəndaşının bizim ərazimizdə nə işi var? Bunlar hamısı bəhanədir. Məlum Brüssel görüşündən sonra hamı deyirdi ki, aprelin axırınadək bütün məsələlər həll olunacaq. Hesab edirəm ki, Nikol Paşinyana inanmaq olmaz. O, nə sülh müqaviləsi imzalamağa, nə də delimitasiya və demarkasiya məsələlərini həll etməyə hazır deyil. Ona görə də Paşinyanın komandası vaxt uzadır. Ermənilər indi sadəcə diversant məsələsinin müzakirə olunmasını istəyirlər”.
Partiya sədri qeyd edib ki, Azərbaycan təzyiq mexanizmini işə saldıqca, ermənilər geri çəkilməyə və güzəştə getməyə məcbur olacaqlar:
“Paşinyan və erməni cəmiyyəti sülh müqaviləsi imzalamağa hazır deyil. Əgər hazırdılarsa nə üçün Ermənistan dövlət büdcəsindən qondarma quruma 290 milyon dollar vəsait ayrılır? Açıq şəkildə deyirəm ki, biz növbəti müharibəyə və antiterror əməliyyatı keçirməyə hazır olmalıyıq. Böyük təzyiqlərlə üzləşməmək üçün zamanı düz seçməliyik. Hazırda Azərbaycanın başqa variantı yoxdur. Ölkəmizə qarşı da Rusiya və Qərb tərəfindən ciddi təzyiqlər var. Ona görə də biz müəyyən qədər səbrlə davranırıq.
Avropa İrəvana dəstək verməsə və maliyyə yardımı etməsə, Ermənistan çətin vəziyyətdə qalacaq. Çünki Rusiyanın onlara maliyyə yardımı etmək imkanı yoxdur. Lakin ermənilər təhlükəsizliklə bağlı zəmanəti Avropadan deyil, Rusiyadan alırlar. Yəni Ermənistan Rusiyadan təhlükəsizlik zəmanəti, Avropadan isə maliyyə yardımı alır. Düşünürəm ki, Azərbaycanın yeganə çıxış yolu Türkiyə ilə birgə hərəkət etmək və antiterror əməliyyatı həyata keçirməkdir”.


