gundem / dunya
15.04.2023
Aİ-nin Rusiyanın Vaqner qrupuna qarşı sanksiyaları
Aİ Rusiya ordusunu hərbiləşdirilmiş qüvvələrlə təmin edən hərbi şirkət olan “Vaqner”ə sanksiya tətbiq edib. Avropa Şurasından verilən açıqlamada Vaqnerin Rusiyanın Ukraynaya təcavüzündə fəal rol oynadığı qeyd edilib.
“ dogruxeber.tv” “ DW"a istinadən xəbər verir ki, Ukraynanı işğal edən Rusiyanı muzdlu əsgərlərlə təmin edən hərbi şirkət “Vaqner” “müharibədə fəal iştirak etdiyi” səbəbi ilə ikinci dəfə Avropa Birliyinin sanksiya siyahısına daxil edilib.
Bir müddət əvvəl Ukraynanın Bəhmut və Soledar qəsəbələrirni ələ keçirməyə çalışan rus qoşunlarına rəhbərlik edən Vaqner feval ayında insan haqlarını və Afrika ölkələrində sabitliyi pozduğuna görə Aİ-nin başqa sanksiya siyahısına salınmışdı.
Avropa İttifaqının 27 üzv ölkəsini təmsil edən Avropa Şurasının bəyanatında, yeni sanksiya siyahısının əvvəlkini “tamamladığı” bildirilib və Vaqnerin “Ukraynanın hüquqlarını sarsıdan və ya təhdid edən hərəkətlərə görə yenidən siyahıya daxil edildiyi” qeyd edilib. Şura bildirib ki, Vaqnerin ikili siyahıya salınması qrupun fəaliyyətinin təhlükəsini və onun beynəlxalq miqyasda nə qədər geniş yayıldığını, eləcə də onun fəaliyyət göstərdiyi ölkələrdə sabitliyi pozan təsirini vurğulayır.
Aİ həmçinin idarə heyətinin sədri Vaqnerin direktoru Yevgeni Priqojin olan RİA FAN media təşkilatına da sanksiya tətbiq edib .
Bir rus QHT və Vaqneri tərk etmiş əsgər bu yaxınlarda iddia edirdi ki, Vaqner ukraynalı hərbi əsirinin başının kəsilməsinə görə məsuliyyət daşıyır.
Priqojin Ukrayna və BMT tərəfindən qınanılan bu iddianı təkzib edib. Rusiya hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb.
Sanksiya siyahısında olan şəxslərin və təşkilatların Aİ ölkələrindəki aktivləri dondurulur, səyahət qadağası qoyulur və Aİ-də hər hansı şəxs və ya şirkətə bu şəxslərə vəsait verməsi qadağan edilir.
Aİ keçən il Ukraynanı işğal etdiyinə görə Rusiyaya qarşı ardıcıl 10 sanksiya paketi qəbul edib.
dogruxeber.tv
Anarə Muhəmməd



