gundem / sosial / Təhsil / bolge / video / ustxeber / Cəmiyyət / Foto
25.02.2025
Həcər "atını minib" Bakı təhsilindən Qarabağa üz tutub... - Yüksəlişin müəmmalı tərəfləri
Prezident yanında idarəetmə, Dövlət və bələdiyyə idarəetməsi, Hüquqşünas, Mühasib...
dogruxeber.tv: - Azərbaycan təhsilini idarə edən şəxslərin əksəriyyəti pedaqoq deyil, məhz bu ixtisasların sahibləridir. Amma, uçurumdan yuvarlanan təhsilimizin hazırkı halı onun idarəetmədən çoxdan çıxdığını göstərir. Belə görünür bu sahədə əsas iş əsas vəzifələr tutan mühasiblərin üzərinə (bu sahədə pulun daha çox rol oynadığı üçün) düşür. Məsələn, Anar Qədiməliyevin.
Nazir Emin Əmrullayevin yaxın dostu olduğu deyilən Anar Qədiməliyev ixtisasca mühasibdir. Tərcümeyi-halına nəzər saldıqda fəaliyyətinin böyük hissəsinin təhsil sahəsində, özü də üstün vəzifələrdə olduğunu görürük.
Bildiyiniz kimi, Emin Əmrullayevin müvafiq əmri ilə bir müddət o, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə sözügedən idarənin tabeliyində olan rayon məktəblərində şikayət və narazılıqlar o, qədər çoxaldı ki, hətta intihar həddinə qədər gəlib çatdı.
Öz haqq səsini, etiraz səsini kimsəyə eşitdirə bilməyən müəllim intihar etdi və orada çalışan təhsil işçilərinin sözlərinə görə məsələ elə ordaca ört-basdır edildi.
Ancaq, Əbu Turxanın da dediyi kimi, "Həqiqəti ört-basdır etmək olar, amma o, gec-tez üzə çıxacaq".
Anar Qədiməliyev və onun ətrafında cəm olan komandasının (Rövşən Kərimov, Gülnar Qarayeva və s.) "çarmıxa çəkdiyi" region təhsilində baş verən qanunsuzluqlar barəsində redaksiyamıza çox ciddi məlumatlar daxil olub. Bu barədə bütün məlumatları qarşıdakı günlərdə Elm və Təhsil Nazirliyinin rəsmi sorğumuza cavabı ilə birlikdə təqdim edəcəyik.
Bu dəfə isə region təhsilindəki problemlərə rəhbərlik edən Anar Qədiməliyevin problem içində boğulan Bakı şəhər təhsil İdarəsinə məsul vəzifəyə səssizə köçürülməsindən və eləcə də hər gün bir macəra yaşayan Bakı təhsilindən danışırıq.
Məlumdur ki, BŞTİ-nin müdiri postunu hələlik əvəzedici olaraq idarəetmə məzunu Nərmin Hüseynova icra edir. Gəzən söz-söhbətlətə görə yaxın günlərdə Anar Qədiməliyevin müdür postuna yiyələnəcəyi də qaçılmazdır.
Anar Qədiməliyevin BŞTİ-də müdür vəzifəsində çalışması həm də onun adının problem və qalmaqallardan uzaq qalmasının təminatı olacaq.
Diqqət etmisinizsə, son zamanlar Xaçmaz, Ucar, Gəncə və digər bölgələrdəki orta məktəblərdən qalmaqallı, kriminal xəbərlər yayımlanmaqdadır. Amma, gözümüzün önündə - Bakı təhsil müəssisələrində əlbəyaxa olan müəllimlər, müəllimlə saçyolduya çıxan valideynlər, məktəbə rüşvət daşımaqdan - fond pulu, tədbir pulu, vinetka (məzun kitabçası) pulu, silgi, A4, marker pulu və sair daşımaqdan evinə çörək aparmağa imkan tapa bilmədiyini deyən valideynlərin səsləri boğazlarında düyünlənir.
Nə hikmətsə bu mövzuda xəbərlər mətbuata ayaq açan kimi, dərhal hansısa "sehrli qüvvə süpürgəsini götürüb", düşür yerli saytların ardınca. Görünür, Bakı təhsilinin adı "xüsusi güc" tərəfindən, xüsusi "mühafizə olunur".
Əlbəttə ki, bu da səbəbsiz deyil. Bakı təhsilinə birinci növbədə cavabdehlik daşıyan Şəxslərin - müdür vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın qardaşının nazirlikdə çalışdığı və nazirin xüsusi etibar etdiyi, özünə yaxın işçilərindən biri olduğu, müavin Xəyalə Əhmədzadənin nazirin yaxın qohumu, digər müavin Anar Qədiməliyevin isə nazirlə yeniyetməlik dövrünə dayanan dostluq münasibətlərinin olduğu barəsində məlumatlar əldə etmişik.
Nərminə Hüseynovanın Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini vəzifəsindən birbaşa BŞTİ-nə müdür əvəzi təyinat almasını bu yaxınlığın bəhrəsi kimi qiymətləndirə bilərik.
Qeyd edək ki, Nərminə xanımın əvvəl məsul vəzifədə çalışdığı MÜTDA barəsində də kifayət qədər narazılıq və neqativ faktlar zaman-zaman yerli mediada yayımlanıb. Hansı ki, bu sahədə olan qanunsuzluqlar bir başa Eşqi Bağırov və onun müavinlərinin üzərində olan məsuliyyət idi.
Maraqlıdır, yalnız işə təyinatlarından başqa təhsil sahəsində hər hansı bir yenilikləri, uğurları barəsində yerli mediada məlumatlar olmayan Xəyalə Əhmədzadə və Nərminə Hüseynova hansı üstün fəaliyyətlərinə görə bu cür məsul vəzifələrlə mükafatlandırılıb?
Görünür, qohumluq və dostluq əlaqələri barəsində əldə etdiyimiz məlumatlar həqiqətə uyğundur.
Elə Təhsil Nazirliyi kimi vacib dövlət qurumunun məsul vəzifələrinin qohuma-dosta bölüşdürüldüyünün acı fəsadlarıdır ki, bu gün elmli gənclər yerinə, daha çox qəddar, cinayətkar, rüşvətxor uşaqlar yetişir.
"dogruxeber.tv" xatırladır ki, hələ Xətai rayonu ərazisində yerləşən 59 və 194 nömrəli tam orta məktəblərində müxtəlif səbəblərlə şagirdlərdən və müəllimlərdən müxtəlif məbləğlərdə pullar yığıldığı barəsində dəfələrlə məlumatlar dərc etmişik.
Yuxarı sinif şagirdlərinin repetitor yanına getmək üçün saata görə ödədikləri 800-1000 manat, məzun kitabçası üçün 50-60-70 manat, qiymət kitabçası, A4 vərəq, silgi, təmizlik vasitələri və sair üçün tələb olunan məbləğlərə görə etiraz edən valideynlərin uşaqları məktəbdə müəllim və direktor tərəfindən linç edilir deyə, valideynlər uşaqlarına xatir susmağa məcbur qalırlar. 194 nömrəli məktəbin müəllimləri hətta, məktəbin işıq xətlərinin dəyişdirilməsi və digər səbəblərlə onlardan 60 manatdan pul yığıldığını dedilər, etiraz etdilər, valideynlər uşaqlarına məktəbin müəllimləri və direktoru tərəfindən yoldaşları arasında psixoloji basqı edilməsindən ehtiyat edərək, adlarının gizli saxlanılmasını xahiş edib, hər gün tələb olunan, 3,5, 7, 10 manatlara media vasitəsilə etiraz etdilər, yenə heç nə dəyişmədi. Əksinə məktəbin direktoru Elnarə Zeynalova valideyn iclası keçirib, hamını qarşısına yığıb günahkar uşaqlar kimi tənbehlədi. Qardaşının Elm və Təhsil Nazirliyində mühüm vəzifədə işlədiyi ilə öyündüyü deyilən Elnarə Zeynalovaya isə "ayağın yanar, geri çək" deyən olmadı.
194 nömrəli məktəb demişkən, məktəbin kollektivi ilə tanış olmaq üçün Bakı şəhər Təhsil İdarəsinin rəsmi saytına nəzər yetirdik. Kollektiv üzvlərindən birinin şəkli ilə adı arasındakı fərqi görəndə beynimiz bir qədər "error" vəziyyəti aldı.
Aşağıdakı fotoya diqqət edin!
Bizmi səhv anlayırıq, yoxsa BŞTİ səhvə yol verib?
Əlqərəz...
Yəqin ki, 211 nömrəli tam orta məktəbin keçmiş direktoru Həcər Mahmudova barəsində yayımladığımız məlumatları da xatırlayırsınız. Hansı ki, həmin məlumatlarda sözügedən məktəbdə laborant işləyən Ayna Əmirova Həcər Mahmudovanın onu işdən çıxarmağa çalışdığını, yerinə isə 4000 (dörd min) manat rüşvət aldığı Ziyafət Qurbanova adlı bir xanımı təyin etmək istədiyini iddia edirdi. Ayna xanımın iddialarının təsdiqi olan yazışma və səs yazılarını yayımlamaqla yanaşı Elm və Təhsil Nazirliyinə də göndərdik. Nazirliyin gördüyü tədbir isə Həcər Mahmudovanı kürsüsü qarışıq götürüb, 30 nömrəli orta məktəbə aparmaq oldu.
211 saylı məktəb rəhbərliyindən daha bir yanlış addım .. - VİDEO
211 nömrəli məktəbdə olaylar getdikcə böyüyür - VİDEO
Maraqlıdır ki, Həcər Mahmudovanın bundan sonrakı fəaliyyəti barəsində yerli mediada heç bir məlumat verilmədi. Hətta, bizə istinad edən saytların böyük əksəriyyəti xəbəri saytdan sildilər. Təbii ki, bu da qarşılıqsız olmayıb.
Xülasə... Sözümüzün canı odur ki, Həcər Mahmudovanın səsi indi də Füzuli rayonundan gəlir. Xanım Füzuli rayonu Mirzə Uluqbəy adına 1 saylı orta məktəbinin direktorudur.
Bu məktəb 960 şagird yerlikdir, 40 sinif otağı, 6 laboratoriya, iki informatika otağı və idman zalı var.
Binəqədi rayonunda yerləşən 30 nömrəli orta məktəbi isə ümumilikdə 786 şagird yerlikdir, bir növbəlidir.
Fərqi gördünüz.
Bundan əlavə, adı tez-tez qalmaqallarda hallanan 161 nömrəli orta məktəbin keçmiş direktoru Ruhiyyə Tağıyeva da Emin Əmrullayevin təmkinini poza bilmədi.
Qanun pozuntusunda adı hallanan məktəb direktorlarının böyük əksəriyyətinə qarşı öz rahatlığını və təmkinini zərrə qədər pozmayan nazirin onlar barəsində gördüyü yeganə tədbir yerlərini dəyişmək oldu.
İllərdir Azərbaycan təhsilinə rəhbərlik edən İdarəetmə məzunu Emin Əmrullayevin idarə etdiyi təhsil və kadr siyasəti bundan ibarətdir.
Özünəməxsus siyasəti və adına "inkişaf" dediyi yenilikləri ilə Azərbaycan təhsilini və təhsil işçilərini dəyərdən, hörmətdən salan hörmətli Emin Əmrullayev Bakı şəhəri üzrə istər uşaq bağçası müdirləri, istərsə də məktəb direktorlarını əlində "rubik rəngləri" kimi fırladıb durur. Amma, görünür nazir bu "rubik"in rənglərini yerinə gərəkdiyi kimi düzəcək qədər səriştəli deyil hələ ki. Çünki, təhsil sahəsindəki narazılıqlar, etirazlar, yeyintilər, qanun pozuntuları nəinki bitmir, heç azalmır da.
P.S: Qeyd edək ki, BŞTİ ilə bağlı bəzi araşdırmalarımız davam edir və yaxın günlərdə araşdırmalarımızı yekunlaşdırıb, nəticələri portalımızda dərc edəcəyik.
Bizi izləməkdə davam edin.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
dogruxeber.tv





