gundem / Təhsil / Cəmiyyət
14.06.2025
Bu gün Azərbaycan məktəblərində “Son zəng” çalınır
dogruxeber.tv: - Bu gün, iyunun 14-də, Azərbaycanın bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınır. Bu əlamətdar gün minlərlə məktəbli üçün yeni mərhələnin, – yetkinlik, müstəqil seçim və gələcək karyera yolunun başlanğıcını simvolizə edir.
“Son zəng” ölkəmizdə illərdir formalaşan bir ənənədir. Hər il iyunun ortalarında orta məktəbi başa vuran şagirdlər son dəfə məktəbli formasında, məktəb həyətində toplaşır, illərlə bir yerdə oxuduqları müəllim və dostlarla vidalaşırlar. Bu gün təkcə məktəb divarlarından ayrılmaq deyil, həm də uşaqlıq illərinə vida və gələcəyə atılan ilk addım kimi dəyərləndirilir.
Hazırda ölkənin müxtəlif şəhər və rayonlarında “Son zəng”lə bağlı tədbirlər keçirilir. Təhsil müəssisələrinin həyətlərində duyğulu anlar yaşanır, valideynlər və müəllimlər məzunları təbrik edir, onlara uğurlar arzulayır.
Rəsmi məlumata görə, bu il on birinci sinfi bitirən məzunların sayı 80 minə yaxındır. Onların bir çoxu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün imtahanlara hazırlaşır.
“dogruxeber.tv” olaraq bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edir, onlara uğurlu və parlaq gələcək arzulayırıq.



