gundem / iqtisadiyyat / Cəmiyyət
15.07.2025, 18:00
Nəzarətsiz Büdcə – Xalqın Pulu Hara Xərclənir, Bilən Yoxdur
Dövlət büdcəsi rəsmi sənədlərdə “xalqın rifahı üçün” xərclənir. Lakin praktiki olaraq bu vəsaitin nə qədərinin həqiqətən vətəndaşa xidmət etdiyi məlum deyil. Azərbaycanda ictimai nəzarət anlayışı uzun illərdir ki, yalnız rəsmi nitqlərdə mövcuddur. Faktiki olaraq isə dövlət vəsaiti necə, kimlərə və hansı məqsədlə xərclənir – buna cəmiyyətin nə real çıxışı var, nə də hesabatı.
"dogruxeber.tv" redaksiyasına daxil olan şikayətlər və müxtəlif açıq mənbələrə əsaslanan müşahidələr göstərir ki, bir çox hallarda iri məbləğli dövlət layihələri haqqında yalnız tenderin keçirildiyi və ya “tikinti başlandı” tipli press-relizlər paylaşılır. İcra olunan işin gedişi, nəticəsi, keyfiyyəti və dəyərinin uyğunluğu isə nə media, nə də vətəndaş cəmiyyəti tərəfindən izlənilə bilir. Çünki bu məlumatlar ya açıqlanmır, ya da süni şəkildə çətin əlçatan olur.
Əksər nazirliklər, icra hakimiyyətləri və dövlət qurumları öz büdcələrinin icrasına dair cəmiyyətə heç bir detallı hesabat vermir. Elektron portallar üzərindən təqdim olunan illik rəqəmlər isə yalnız ümumi xərcləri əhatə edir – hansı layihəyə nə qədər pul getdi, tenderdə kim qalib oldu, iş necə yerinə yetirildi, nə dərəcədə effektiv oldu – bu suallar cavabsız qalır.
"dogruxeber.tv" olaraq apardığımız araşdırmalarda bəlli olub ki, bəzi iri dövlət sifarişlərində eyni şirkətlərin davamlı olaraq qalib gəlməsi, qiymətlərin bazar dəyərindən süni şəkildə yuxarı göstərilməsi və layihələrin gecikdirilməsi ictimai nəzarətin yoxluğunun nəticəsidir. Cəmiyyətin bu proseslərə müdaxilə edə bilməməsi isə məsuliyyətsizliyi normaya çevirib.
Əgər dövlət pulları ictimai nəzarətdən kənardadırsa, bu vəsaitin taleyi yalnız icraçının vicdanı ilə ölçülür – bu isə heç bir hüquqi sistem üçün qəbulolunan deyil. Büdcə vəsaiti ilə bağlı hesabatlar yalnız daxili yoxlama üçün deyil, ictimaiyyət üçün də açıq və anlaşılan olmalıdır. Yalnız bu halda şəffaflıq, hesabatlılıq və məsuliyyət hissi formalaşa bilər.
Nə qədər ki, cəmiyyət bu pulların necə xərcləndiyini izləyə bilmir, nə qədər ki, sual verən jurnalistə cavab verilmir, nə qədər ki, hesabatlar PDF fayldan o yana keçmir – bu vəsaitlər hər zaman sual altında qalacaq.


