gundem / Cəmiyyət
18.08.2025
Bakıdakı bina dizaynları insan psixikasına necə təsir edir? – Göz yorğunluğu fenomeni
Bakının son illərdə dəyişən silueti artıq təkcə şəhərsalma deyil, psixoloji narahatlıq məsələsinə çevrilir. Fasadların bir-birini təkrar edən rəngləri, harmoniya hissindən uzaq dizaynlar və bəzən də memarlıqdan çox sadəcə tikinti niyyəti ilə ucaldılmış binalar şəhər sakinlərinin gündəlik vizual yorğunluğuna səbəb olur.
“dogruxeber.tv” bu vizual xaosun təkcə estetika yox, zehni yüklənmə yaratdığını bildirir.
İnsan beyni simmetriyaya, nizam və tarazlığa reaksiya verir. Bu elementlər olmadıqda, şəhər vizual olaraq beyni stimullaşdırmaq yerinə onu yorur. Bakı küçələrində hər addımda qarşılanan fərqli üslublu, lakin zövqsüz şəkildə yanaşı tikilmiş binalar, insanda dağınıqlıq və narahatlıq hissi doğurur.
“dogruxeber.tv” yazır ki, psixoloqlar bunu “göz yorğunluğu” adlandırır və bu, uzunmüddətli halda ruh halına təsir edə bilər.
Binalar sadəcə içində yaşadığımız divarlar deyil, eyni zamanda gündəlik emosional fonumuzu formalaşdıran vizual mühitdir. Və bu mühit nə qədər nizamsız və yorucudursa, insanlar da bir o qədər aqressiv, ruhsuz və tələsik olur.


