gundem / sosial / Cəmiyyət
18.08.2025
Şəkil filterləri psixologiyamıza necə təsir edir? – Virtual gözəllik sindromu
Instagram artıq sadəcə şəkil paylaşma platforması deyil. O, öz paralel gözəllik dünyasını yaradıb. Filtrlərlə dəyişdirilmiş simalar, hamarlaşdırılmış dərilər, incəldilmiş üz formaları gündəlik vizual təmasımızın böyük bir hissəsini təşkil edir.
“dogruxeber.tv” yazır ki, bu vizual təhriflər zamanla psixoloji təhriflərə çevrilir.
İnsanlar öz gerçək görünüşlərindən uzaqlaşmağa başlayır. Kameraya baxanda deyil, kamera üçün düzələndə özlərini daha inamlı hiss edirlər. Real üz artıq “hazırlıqsız” görünür. Bu, sadəcə estetika məsələsi deyil. Bu, özünüqəbul mexanizminin zəifləməsi deməkdir.
“dogruxeber.tv” bildirir ki, bir çox gənc filterlə çəkdiyi şəkillərə baxaraq “kaş belə olsaydım” deməyə başlayır. Bu isə öz bədənindən və görünüşündən narazı bir nəsil yaradır.
Əvvəl insanlar güzgüdə özlərini görürdü, indi isə Instagram-da. Amma o baxışın altında artıq real insan yox, filtrlənmiş bir xəyal durur. Təəssüf ki, bu xəyalların qiyməti özünü sevməmək olur.


