gundem / maraqli / Cəmiyyət
20.08.2025, 16:00
Onlar Hiss Edir: Heyvanların Ölümə Qədər Davranışlarında Gizli İşarələr
Təbiətdə hər bir canlının bir ritmi, bir hissiyat dili var. Elə bir dil ki, insan onu tam anlamasa da, heyvanlar bu dili instinktiv şəkildə “danışırlar”.
“dogruxeber.tv” yazır ki, bir çox heyvan növlərində ölümə yaxınlaşan zaman davranışlarda müşahidə olunan dəyişikliklər onların ölümü əvvəlcədən hiss etməsi ehtimalını gündəmə gətirir.
Ev heyvanlarının sahibləri tez-tez bu barədə danışırlar: pişiklər sakitcə bir küncə çəkilir, itlər sahiblərinə qeyri-adi şəkildə yaxın olur, bəzən isə diqqət çəkmək üçün fərqli səslər çıxarır, baxışlarını uzun-uzadı bir nöqtəyə dikirlər. Bu davranışların əksəriyyəti hiss və intuitiv xəbərdarlıq kimi qəbul olunur.
“dogruxeber.tv” qeyd edir ki, bəzi quş növləri – xüsusilə qraviyasiya dəyişikliyinə və elektromaqnit sahələrə həssas olanlar təbii fəlakətlər və ölümcül təhlükələri günlər öncədən sezmə bacarığı ilə tanınır. Zəlzələdən əvvəl göydə qeyri-adi uçuşlar edən quşlar, yerə enməkdən imtina edən heyvan sürüləri bu hissiyyatın nümunələrindəndir.
Fillər isə bəlkə də bu məsələdə ən təsirli nümunələrdən biridir. Uzun illər aparılan müşahidələr göstərib ki, yaşlı fillər ölüm yaxınlaşanda öz sürüsündən ayrılıb “fil qəbiristanlığı” deyilən xüsusi sahələrə yollanırlar. Burada tək qalır, su içmir, qidanı dayandırır və sakit şəkildə həyatla vidalaşırlar.
Hətta bəzi ev heyvanlarının – xüsusilə itlərin – sahiblərinin ölümünü öncədən hiss etməsi, xəstəlik və ya ölümqabağı hal dəyişikliklərinə qarşı həssas olması da sənədləşdirilmiş hallardandır. Onların qoxu hissi yalnız bioloji deyil, bəzən də emosional və enerjetik dəyişiklikləri də hiss edirmiş kimi görünür.
Təbiət bu davranışları rəsmi şəkildə “instinkt” adlandırır. Ancaq baxışlarında, hərəkətlərində, səssiz duruşlarında görünən o izaholunmaz kədər... sanki onlar bizim görə bilmədiyimiz bir şeyi əvvəlcədən bilirlər. Ölüm – bizim üçün bir son, onlar üçün isə bəlkə də təbii axının bir mərhələsidir.


