gundem / sosial / Cəmiyyət
9.09.2025
Əmək bazarında gender bərabərsizliyi – görünməyən kişilər və istismar edilən qadınlar
Son illərdə Azərbaycanda gender bərabərliyi adı altında aparılan siyasətlər və sosial yanaşmalar bəzən həqiqi bərabərlikdən çox, səthi balans yaratmağa yönəlmiş addımlar kimi çıxış edir. Cəmiyyətin bəzi təbəqələrində və sektorlarında qadınların iş həyatı və ictimai sahədə daha çox yer alması alqışlanmalıdır, lakin bu prosesin altında gizlənən tərs mütənasiblik – yəni kişilərin sistemli şəkildə kənarda saxlanılması – artıq açıq şəkildə görünür.
“dogruxeber.tv” olaraq müşahidə etdiyimiz vəziyyət onu göstərir ki, əmək bazarında “yalnız qadın işçi” tələbləri nəinki kişiləri işsizlik bataqlığına salır, həm də qadınların qadınlıq və analıq hisslərinin kommersiya vasitəsinə çevrilməsi ilə nəticələnir.
Bugün bir çox elanlarda "yalnız xanımlar tələb olunur" yazısı adi hala çevrilib. Kişilər bəzən eyni ixtisasa, təcrübəyə və bacarığa sahib olsalar belə, bu elanlara müraciət etdikdə sadəcə cinsiyyətlərinə görə rədd cavabı alırlar. Sanki kişi olmaq özü-özlüyündə bir qüsur sayılır. Bu, cəmiyyətin içində formalaşan “xanım işçiyə daha asan hökmranlıq edilər”, “xanım işçi mülayim olar”, “xanım işçi daha sədaqətli olar” kimi stereotiplərlə şərtlənir.
Ən acınacaqlısı isə budur ki, qadın bu sistemin içində sadəcə cinsiyyətinə görə seçilir. Onun peşəkarlığına deyil, məhz qadın olduğu üçün işə götürülməsi, onun qadınlıq və analıq hisslərinin istismarıdır. Qadına təbəssüm etmək, müştəri ilə yumşaq danışmaq, geyimi ilə diqqət çəkmək, çevik və itaətkar davranmaq kimi tələblər açıq yazılmasa da, bu rola uyğunlaşdırılır. Bu isə qadına hörmət yox, yumuşaq formada obyektləşdirmədir. Onun insan kimi yox, sadəcə “qadın” olaraq istifadə edilməsidir.
Bu yolla qadın da zərər görür, çünki belə bir sistem onun şəxsiyyətini yox, cinsini əsas tutur. Analıq, qadınlıq – içdən gələn, duyğu dolu dəyərlərdir. Amma bu gün bunlar iş elanlarında və əmək münasibətlərində ucuz vasitəyə çevrilib. “Qadın analıq hissi ilə daha məsuliyyətlidir”, “qadın vicdanlıdır, işə ciddi yanaşır” kimi şüarların arxasında qadının emosional yükünü əmək istismarına çevirən mexanizmlər dayanır.
Digər tərəfdən, kişi ailə başçısıdır, çiyinlərində ailənin maddi yükünü daşıyan insandır. Onu əmək bazarından sıxışdırmaq, “iş üçün uyğun deyilsən” deyərək kənarda qoymaq, onun yalnız maddi yox, mənəvi gücünü də qırmaq deməkdir. Bu, sadəcə işsizlik deyil, qürurun sındırılması, kişinin öz ailəsi qarşısında aciz vəziyyətə salınması, nəticədə isə ictimai gərginliyin artması deməkdir.
“dogruxeber.tv” oxucularının göndərdiyi şəxsi təcrübələr göstərir ki, bəzi kişilər aylarla iş tapa bilmədikləri üçün ailə içində dəyərsizləşib, qadın qarşısında borclu hiss edib, uşaqlarının gözü önündə utanıb. Bu vəziyyət kişi düşmənçiliyi deyil, gender bərabərsizliyinin tərs üzüdür və nə qədər tez etiraf olunarsa, bir o qədər tez balans bərpa oluna bilər.
Əmək bazarı peşəkarlıq, bacarıq və təcrübəyə əsaslanmalıdır, cinsiyyətə yox. “Bərabərlik” adı altında qadınların hisslərini, kişilərin varlığını istismar edən sistemlərə qarşı real hüquqi və sosial müdaxilə vacibdir. Əks halda, cinslərarası mübarizə dərinləşəcək, ailə institutları zəifləyəcək, sosial depressiya artacaq.
Əmək bazarında həqiqi bərabərlik o zaman olacaq ki, heç kimin qadın və ya kişi olması vacib deyil, yalnız insan olması, bacarıqlı və dürüst olması əsas meyar sayılacaq.


