gundem / iqtisadiyyat / sosial / Səhiyyə / Cəmiyyət
10.09.2025
Dərman qiymətləri qalxıb: Vətəndaşlar apteklərdə çaşqınlıq içində
Son günlərdə ölkədə dərman vasitələrinin qiymətlərində hiss olunan artım əhali arasında ciddi narahatlığa səbəb olub. Apteklərdə gündəlik tələbat olan preparatların, xüsusilə də ağrıkəsicilər, antibiotiklər və təzyiq dərmanlarının qiyməti əvvəlki dövrlərlə müqayisədə 10-15 faiz yüksəlib.
“dogruxeber.tv” yazır ki, bir çox vətəndaşlar bu artımı gözləmədikləri üçün, zəruri preparatları almaqda çətinlik çəkirlər. Xüsusilə yaşlı insanlar və xroniki xəstəlikdən əziyyət çəkənlər bu vəziyyətin sağlamlıqlarına mənfi təsir etdiyini bildirirlər.
İqtisadçılar bildirirlər ki, qiymət artımının əsas səbəbləri arasında xarici valyuta bazarında baş verən dalğalanmalar və dərmanların idxalında yaranan gecikmələr dayanır. Məlum olduğu kimi, Azərbaycanda istifadə olunan dərmanların böyük əksəriyyəti xaricdən gətirilir və idxal prosesindəki hər hansı dəyişiklik, daxili bazara dərhal təsir göstərir.
“dogruxeber.tv”ın əldə etdiyi məlumata görə, bəzi aptek şəbəkələri müəyyən dərmanları artıq əvvəlki qiymətlərlə satışdan çıxarıb və yeni qiymətlərlə satışa təqdim edir. Bu isə bir çox alıcı üçün əlavə maliyyə yükü deməkdir.
Səhiyyə Nazirliyi məsələyə münasibət bildirərək dərman qiymətlərinə inzibati nəzarətin olduğunu, lakin dünya bazarındakı dəyişikliklərin təsirini tamamilə aradan qaldırmağın mümkün olmadığını qeyd edib. Nazirlik həmçinin, yaxın aylarda bəzi əsas dərmanların idxalında sabitliyin bərpa olunacağını və qiymətlərin tənzimlənəcəyini bildirib. Hələlik isə əhali dərman ehtiyatını təmin etməkdə çətinlik çəkir və mövcud vəziyyət sosial narazılığı artırır.


