gundem / sosial / Cəmiyyət
4.10.2025
Boşanmış qadınların kirayə problemi
Azərbaycanda boşanma halları artdıqca, qadınların qarşılaşdığı sosial və iqtisadi çətinliklər də daha çox görünür olur. Bu çətinliklərin ən kəskin hiss ediləni isə kirayə mənzil tapmaqda yaşanan ciddi problemlərdir. Ayrı yaşayan və ya uşaqları ilə birgə həyatını yenidən qurmağa çalışan qadınlar tez-tez ev sahiblərinin açıq və gizli diskriminasiyası ilə üzləşir.
“DogruXeber.tv” bu problemin gündəlik həyatda hansı formada ortaya çıxdığını araşdırıb.
Sorğular və şəxsi müsahibələr göstərir ki, ev sahibləri boşanmış qadınlara mənzil vermək istəmir, onları ya mənfi niyyətli görür, ya da qonşular tərəfindən narazılıq olacağından ehtiyat edirlər. “DogruXeber.tv” tərəfindən qeydə alınan hallarda bəzi qadınlar hətta kirayə ev üçün evli və ya ailəli statusunda olduqlarını sübut etmək üçün saxta “əri ilə birlikdə baxacaq” bəhanələrinə əl atdıqlarını bildiriblər. Digərləri isə uşaqlı olduqları üçün imtina aldıqlarını, bunun isə həm maddi, həm də psixoloji baxımdan ciddi yük yaratdığını deyirlər.
Bu vəziyyət təkcə yaşayış problemi deyil, həm də cəmiyyətin qadına qarşı formalaşdırdığı qeyri-bərabər münasibətin bariz nümunəsidir. Qadının boşanması onun seçimi olsa da, bu seçim nəticəsində ona qarşı edilən sosial təzyiq, evsiz qalmaq qorxusu və aşağılanma hissi, cəmiyyətin hələ də qadını ailəyə bağlılıq üzərindən dəyərləndirdiyini göstərir. Problemin dərinliyini görməmək, əslində onu daha da böyütmək deməkdir. Ev sahibləri tərəfindən edilən bu cür ayrı-seçkilik, dövlət və sosial qurumlar tərəfindən dəqiq ölçülərlə qarşılanmadığı müddətcə, boşanmış qadınlar üçün həyat yenidən başlamaqdan çox, başdan çətinliyə çevriləcək.


