gundem / Cəmiyyət
4.10.2025, 14:07
Kərəvizin sağlamlığa təsiri
Təbii məhsullarla qidalanmaya marağın artdığı dövrdə kərəviz həm sağlam, həm də faydalı tərəvəzlər arasında xüsusi yer tutur. Bu bitki qədim Yunanıstanda dərman kimi istifadə olunub, bu gün isə mətbəxlərdə təkcə dad üçün deyil, həm də sağlamlıq məqsədilə geniş yer alır.
“DogruXeber.tv” kərəvizin gündəlik həyatdakı istifadəsini və orqanizmə verdiyi faydaları araşdırıb.
Kərəviz A, C, K vitaminləri və kalium, fol turşusu, lif və antioksidantlarla olduqca zəngindir. “DogruXeber.tv” tərəfindən əldə olunan məlumatlara əsasən, bu tərəvəz qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Kərəvizin tərkibindəki ftalid adlı təbii birləşmələr damarları genişləndirir, qan dövranını yaxşılaşdırır və hipertoniya riskini azaldır. Mütəxəssislər tərəfindən təzyiq problemi olanlara kərəviz suyu və ya çiy kərəviz istifadəsi tövsiyə olunur.
Kərəviz həmçinin bədəndəki iltihab proseslərini azaldır və artrit, oynaq ağrıları kimi problemlərdə rahatlaşdırıcı təsir göstərir. Tərkibindəki antioksidantlar orqanizmi toksinlərdən təmizləyir, qaraciyər funksiyasını dəstəkləyir və immun sistemini gücləndirir. Eyni zamanda liflə zəngin olduğu üçün bağırsaq fəaliyyətini tənzimləyir, qəbizlik problemini aradan qaldırır və mədə-bağırsaq sağlamlığını qoruyur.
Arıqlamaq istəyənlər üçün də kərəviz olduqca münasib tərəvəz hesab olunur. Kalorisi az, lakin doyurucu olan bu bitki maddələr mübadiləsini sürətləndirir, iştahanı azaldır və bədəndə su balansını qorumağa kömək edir. Detoks pəhrizlərində tez-tez istifadə olunan kərəviz, həm çiy, həm də buğda bişirilmiş halda menyulara əlavə oluna bilər.


