gundem / bolge / video / Foto / Manşet
4.05.2026, 20:36
Texnologiya Universitetində yaşıllıqlar niyə məhv edilir? – 14 ağacın kəsilməsi suallar doğurur
DogruXeber.tv pressline.az-a istinadən xəbər verir ki, redaksiyanın elektron poçt ünvanına daxil olan məlumatda Azərbaycan Texnologiya Universiteti ərazisində kütləvi ağac kəsintisi aparıldığı iddia olunur.
Göndərilən video və foto materiallara əsasən, səhər saatlarında universitetin giriş hissəsində, eləcə də inzibati bina qarşısında yerləşən çoxsaylı ağacların kəsildiyi qeydə alınıb. Məlumatda bildirilir ki, proses yalnız qurumuş ağaclarla məhdudlaşmayıb, əksinə, yaşıl və sağlam ağacların da kəsilməsi faktları müşahidə olunub.
Video burada: https://www.youtube.com/shorts/BdpplxA6fFU
İddialara görə, ümumilikdə 14 ağacın kəsilməsi baş verib. Həmçinin universitetin daxili ərazilərində yerləşən yaşıllıqların bir hissəsinin də məhv edildiyini göstərən görüntülər mövcuddur. Bu isə ictimaiyyətdə ciddi narahatlıq doğurur və ekoloji baxımdan suallar yaradır.
Məsələnin diqqət çəkən tərəflərindən biri də odur ki, iddialar Yaşar Ömərov rəhbərliyi dövründə bu proseslərin baş verdiyini önə çəkir. Halbuki, qanunvericiliyə əsasən, yaşıllıqların kəsilməsi yalnız müvafiq icazələr əsasında və əsaslandırılmış şəkildə həyata keçirilməlidir.
Digər tərəfdən, bu cür hallarda əsas nəzarətedici qurum olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hələlik hər hansı rəsmi açıqlamanın verilməməsi də sualları artırır. Nazirliyin mövqeyinin bilinməməsi ictimai narahatlığın daha da dərinləşməsinə səbəb olur.
Qeyd edək ki, əgər ərazidə həqiqətən quru və təhlükəli ağaclar mövcud idisə, onların kəsilməsi müəyyən qədər əsaslandırıla bilər. Lakin təqdim olunan materiallar yaşıl ağacların da kütləvi şəkildə məhv edildiyini göstərirsə, bu artıq ekoloji hüquq pozuntusu kimi qiymətləndirilə bilər.
Pressline.az olaraq bildiririk ki, məsələ ilə bağlı qarşı tərəfin – universitet rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Rəsmi açıqlama təqdim olunacağı təqdirdə, həmin mövqe tərəfsiz şəkildə ictimaiyyətə çatdırılacaq.
Mövzunu diqqətdə saxlayacağıq.



