gundem / Cəmiyyət
3.03.2025
Mediasiya prosesinin başlanması ilə bağlı qayda dəyişir
Mediasiya prosesinin başlanması ilə bağlı qayda dəyişir.
"dogruxeber.tv" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.
Təklif olunan digər dəyişikliyə əsasən isə, tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edəcək.
Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı və ya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarında bir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator ya da mediasiya təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesi tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılacaq.
Bu şəxslər də mediator ola bilməyəcək
Mediator ola bilməyən şəxslərin dairəsinə din xadimlərinin, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna ( o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslərin də əlavə edilməsi təklif olunur.
Bununla yanaşı, layihədə mediasiya prosesində iştirak etmək istəyən tərəflər üçün konfidensial bir mühitin yaradılması məqsədilə qüvvədə olan qanunun 11.3.3-cü maddəsi ilə müəyyən edilmiş hüquqi şəxslərin Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün əsas şərtlərdən biri olan istifadəsində ən azı iki otaqdan ibarət ofisin olması tələbinin mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərə münasibətdə də tətbiqi təklif edilir.
Qeyd edək ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilənlər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar və məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər mediator ola bilməzlər.



