gundem / Cəmiyyət
21.08.2025
Tərdə pis qoxu nədən xəbər verir?
"dogruxeber.tv" xəbər verir ki, bədənin tərləməsi insan orqanizminin təbii soyuma və toksinlərdən təmizlənmə mexanizmidir. Lakin bəzi hallarda tərin qoxusu xoşagəlməz hal alır və bu, bəzən sadə gigiyenik səbəblərlə, bəzən isə daha ciddi sağlamlıq pozuntuları ilə bağlı olur.
Tərin özü əslində qoxusuzdur. Pis qoxu, dəridəki bakteriyaların tərin tərkibindəki maddələri parçalayaraq müəyyən kimyəvi maddələr yaratması nəticəsində yaranır. Bu qoxuların forması və intensivliyi isə bəzən orqanizmdə baş verən dəyişikliklərdən xəbər verir.
"dogruxeber.tv" məlumat verir ki, qidalanma tərzi, stress, hormonal dəyişikliklər, gigiyena çatışmazlığı və ya bəzi metabolik və endokrin xəstəliklər tərin qoxusunu kəskin şəkildə dəyişə bilər.
Məsələn, sarımsaq, soğan, çox ədviyyatlı yeməklər və alkoqol kimi qidalar tərin spesifik qoxu ilə çıxmasına səbəb ola bilər. Eyni zamanda, şəkərli diabetin bəzi formalarında tərdən və nəfəsdən “meyvəyə bənzər” və ya “asetonvari” qoxu gələ bilər ki, bu, qan şəkərinin təhlükəli dərəcədə yüksəldiyini göstərə bilər. Böyrək və qaraciyər funksiyasında problemlər zamanı isə bədəndə yığılan toksinlər tər vasitəsilə çıxarılaraq bədənin qəribə və ağır qoxu yaymasına yol aça bilər.
Tərləmə zamanı müşahidə olunan qeyri-adi qoxu bəzən genetik pozğunluqlarla da əlaqəli olur. Məsələn, “balıq qoxusu sindromu” (Trimethylaminuria) nadir rast gəlinən genetik pozğunluqdur və bu zaman tər, nəfəs və sidik balıq iyinə bənzəyən kəskin qoxu ilə xarakterizə olunur.
Mütəxəssislər tövsiyə edir ki, əgər pis qoxulu tərləmə qəfil başlayıbsa, uzun müddət davam edirsə və gigiyena tədbirlərinə baxmayaraq keçmirsə, həkimə müraciət etmək vacibdir. Çünki bu, sadəcə estetik narahatlıq deyil, eyni zamanda daxildə baş verən ciddi proseslərin xəbərçisi ola bilər.


