gundem / sosial / Cəmiyyət
6.09.2025
Məmur vətəndaşa xidmət etmir, sanki hökm edir
Azərbaycanda vətəndaşla məmur arasında münasibətlərdə illərdir dəyişməyən köhnə və bərkiyib qalmış sistem yanaşması hələ də qalmaqdadır. Əksər hallarda vətəndaş dövlət orqanına daxil olduğu andan etibarən, özünü xidmət alan yox, sanki “aşağıdan yuxarı baxmalı” biri kimi hiss edir. Otaqdan-otağa göndərilən, saatlarla gözləyən, müraciətinə cavab ala bilməyən insanlar çoxdur.
“dogruxeber.tv” olaraq bu sistemin vətəndaşda yaratdığı ruh düşkünlüyünü və dövlətə qarşı inamsızlığı araşdırmışıq.
Əslində dövlət strukturlarının əsas funksiyası insanlara xidmət göstərməkdir. Lakin praktikada bu vəzifə çox zaman formal şəkildə yerinə yetirilir. İnsanlar məmurun hansı əhval-ruhiyyədə olmasından, yaxud onun “işim var, get gözlə” yanaşmasından asılı duruma düşür. Müraciətlər süründürülür, bəzən də cavabsız qalır. Vətəndaşın haqlı olduğu situasiyada belə, tanış tapmadıqca və ya məsələni sosial şəbəkəyə çıxarmadıqca heç bir nəticə əldə olunmur. Bu münasibət sistemi artıq köklü problemlərə yol açıb.
“dogruxeber.tv” olaraq qeyd edirik ki, bu hal əsasən icra hakimiyyətləri, DSMF və səhiyyə sahəsində daha qabarıq şəkildə hiss olunur.
İcra hakimiyyətləri çox vaxt yalnız göstərişlərə əsasən çalışır, yerli problemlər isə ya tam görməzdən gəlinir, ya da simvolik şəkildə həll olunur. DSMF-də vətəndaşlar aylarla sosial təminat üçün qapı döyür, lakin bürokratiya onların haqqına çatmağa imkan vermir. Səhiyyə sahəsində isə pasiyent məmur-əhvalına uyğun müalicə və ya rədd cavabı alır. Bu isə artıq təkcə xidmət keyfiyyəti problemi yox, həm də ümumi dövlət-vətəndaş münasibətlərinin böhranı deməkdir.
Dövlətə etimad, insanın özünü güvəndə hiss etməsi ilə qurulur. Əgər vətəndaş dövlət qurumuna girəndə əvvəlcədən ruhdan düşürsə, bu, həmin qurumun köklü şəkildə dəyişməsinə ehtiyac olduğunu göstərir. Məmur davranışı dəyişmədən islahat yalnız kağızda qalacaq.


