gundem / dunya
8.05.2026
"Saziş bağlanmasa, zərbələr amansız olacaq" - Tramp-dan xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalına müsahibəsində regiondakı son hərbi toqquşmalara aydınlıq gətirib. O, ABŞ-ın cavab zərbələrinin atəşkəsin sona çatması anlamına gəlmədiyini vurğulayıb.
DogruXeber.tv xəbər verir ki, prezidentin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesi Hürmüz boğazından uğurla keçib. Hücum cəhdlərinə baxmayaraq, gəmilərə heç bir ziyan dəyməyib; əksinə, hücum edən İran qüvvələrinin raketləri zərərsizləşdirilib, dronları vurulub və çoxsaylı kiçik qayıqları məhv edilib. Tramp bu hərbi cavabı İranın davranışlarına qarşı "yüngül təkan" kimi xarakterizə edib.
Sərt xəbərdarlıq: "Daha amansız olacağıq" Donald Tramp özünün "Truth Social" hesabında paylaşım edərək Tehrana ultimatum göndərib:
"Biz bu gün onlara yenə zərbə vurduq. Əgər onlar cəld şəkildə sazişi qəbul etməsələr, onlara qat-qat ağır və daha sərt zərbələr endirəcəyik."
İranı "normal dövlət" olmamaqda ittiham edən ABŞ lideri, Tehranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəklərini bir daha qətiyyətlə vurğulayıb. Analitiklər Trampın həm hərbi güc nümayiş etdirməsini, həm də atəşkəsin qüvvədə olduğunu deməsini Tehranı yeni bir sazişə məcbur etmək strategiyası kimi qiymətləndirirlər.



