gundem / siyaset
16.08.2021
Əfqanıstandakı Azərbaycan əsgərləri geri qayıdacaq? – “Daha orada qalmağa səbəb yoxdur”
DogruXebər.az : - Xəbər verdiyimiz kimi, "Taliban” hərəkatı paytaxt Kabilə daxil olaraq, Əfqanıstanda hakimiyyəti ələ keçirib. Artıq illərdir ki, Azərbaycan sülhməramlılarının Kabildə xidmət etdiyini nəzərə alsaq, hərbçilərimizin gələcək fəaliyyəti sual doğurur.
Hazırda Azərbaycan sülhməramlıları üçün Əfqanıstan təhlükəsizdirmi? Sülhməramlıların qarşıdakı dövr ərzində geri çağrılma ehtimalı varmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Azərbaycan sülhməramlılarının yaxın zamanlarda Əfqanıstan geri qayıdacağını bildirib:
"Azərbaycanlı sülhməramlılar əfqan hökumətinin ordusuna yardım edib, "Taliban” qruplaşması ilə hökumət arasındakı münasibətlərdə müəyyən rol alırdılar. Lakin indi vəziyyət dəyişib, artıq Əfqanıstan ordusu yoxdur. Sözsüz ki, vəziyyət aydınlaşdıqdan sonra Azərbaycan hərbçiləri oradan çıxarılacaq. Azərbaycan qüvvələri Əfqanıstanda NATO-ya yardım edirdi, lakin artıq buna ehtiyac yoxdur".
Ekspert Azərbaycan sülhməramlılarının təhlükəsizliyi ilə bağlı narahatlığa əsas görmür:
"Azərbaycan kontingentinin təhlükəsizliyinə gəlincə, onu deyə bilərəm ki, narahatlığa səbəb görmürəm. Azərbaycan sülhmərmalıları Türkiyə qüvvələrinin tərkibində fəaliyyət göstərir. Türkiyə üçün isə hansısa problem yoxdur. "Taliban”la Türkiyənin münasibətləri indi normal vəziyyətdədir. Bundan başqa, Pakistanın nüfuzu "Taliban” hərəkatı liderlərinin yanında yüksəkdir. Azərbaycan-Pakistan münasibətlərinin yaxşı vəziyyətdə olduğunu nəzərə alsaq, təhlükənin gözlənilməməsi aydın olur. Düşünürəm ki, Azərbaycan əsgərləri öz torpaqlarına qayıdıb, fəaliyyətlərini burada davam etdirəcəklər".


