gundem / iqtisadiyyat / sosial
3.11.2021, 12:58
“Siqaretin aksiz dərəcəsi qalxdıqca qiyməti də qalxır” - deputat
dogruxeber.tv: - “Vəzifəli şəxslər gəlir bəyannaməsi təqdim etsə, ofşor zonalarla bağlı problem tədricən aradan qalxacaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli deyib.
O bildirib ki, digər tərəfdən siqaretin aksiz dərəcəsi qalxdıqca onun qiyməti də qalxır: “Bu da insanların büdcəsinə pis təsir edir. Siqaretlərə aksizlərin qoyulmasını düzgün hesab etmirəm. Bu aztəminatlı ailələrin büdcəsinə xeyli dərəcədə təsir göstərəcək. Sosial sahədə olan güzəştləri alqışlayırıq. Digər tərəfdən, ölkə xaricində və daxilində müalicə xərcləri ilə bağlı təklif edilən rəqəmləri daha da artırmağı təklif edirəm. Çünki bu xəstəliklərin əməliyyatlarının qiyməti olduqca bahalıdır. Məsələn, xaricdə ciyər köçürülməsi ilə bağlı əməliyyata ən yaxşı halda 50 min manat vəsait tələb olunur. Ona görə də təklif edilən 40 min manatlıq həddi bir az da artırmaq daha da məqsədəuyğun olardı. 20 il ərzində “n” sayda dəyişikliklər edilmiş Vergi Məcəlləsi 2030-cu ilə qədər müəyyən edilmiş milli prioritetlərin əksini tapdığı Vergi Məcəlləsi ola bilməz”.
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.


