gundem / sosial / Cəmiyyət
14.07.2025, 16:30
İnsanlar bir-birindən qaçır: İctimai empati niyə ölür?
Zaman keçdikcə yollar genişlənir, binalar yüksəlir, şəhərlər böyüyür. Amma nədənsə, insanlar bir-birinə daha da uzaq düşür. Bəzən eyni binada illərlə yaşayan qonşular bir-birinin adını bilmir, küçədə kimsə yıxılsa, ətrafdakı insanlar tələsmədən sadəcə baxıb keçir. Cəmiyyətin damarlarında dolaşmalı olan empati — yəni başqasının dərdinə şərik olmaq duyğusu — sanki tükənir.
Əvvəllər kimin evində yas varsa, qonşular yemək aparar, əllərindən tutar, dərdinə ortaq olardı. İndi eyni hadisə baş verəndə pəncərələr bağlanır, telefonlar susdurulur. Əgər kiminsə sosial vəziyyəti ağırdırsa, insanlar ondan uzaq durmağa çalışır. Halbuki biz bir millət olaraq tarix boyu birlik, mərhəmət, paylaşma və insanlıqla öyünmüşük. Bu təkcə adət-ənənə deyil, həm də dinimizin bizə öyrətdiyi ən əsas dəyərlərdən biridir.
"dogruxeber.tv" olaraq biz bu dəyişimin səbəblərinə dərindən baxmaq istəyirik. Əvvəla, bu dəyişimin bir hissəsi texnologiya və sosial medianın həyatımıza daxil olması ilə bağlıdır. İnsanlar canlı münasibətlərdən uzaqlaşıb, ekran qarşısında süni duyğularla yaşamağa başlayıb. Hər şey “like” və “comment” səviyyəsinə düşüb. Halbuki, empati ekranın arxasında yox, göz-gözə, könül-könülə olanda yaranır.
Digər səbəb isə insanların öz problemlərinə çox qapılmasıdır. Maddi çətinlik, sosial təzyiq, həyatın sürəti – bütün bunlar insanı yalnızlaşdırır. Amma unuduruq ki, bizi insani edən məhz bir-birimizin dərdinə toxuna bilməyimizdir. Mərhəmət sadəcə sədəqə vermək deyil, bəzən bir kəlmə xoş söz, bir baxış, bir hal-əhval tutmaqdır.
Cəmiyyətin belə dağılmasının ən acı tərəfi odur ki, bu münasibət ailədən başlayır. Valideyn övladına empati hissini aşılamırsa, məktəb tərbiyəni yalnız dərslə ölçürsə, televizor və internet isə bunu görməzlikdən gəlirsə — deməli, gələcəkdə mərhəmətli bir nəsil yetişməyəcək.
"dogruxeber.tv" olaraq hesab edirik ki, empati yalnız fərdi yox, sosial məsuliyyətdir. Bir insanın acısına baxıb susmaq, bir evsizə çevrilib üz çevirmək, bir ağlayan uşağın yanından laqeyd keçmək – bunların hər biri təkcə fərdi vicdan məsələsi deyil, cəmiyyətin vicdan göstəricisidir. Bu vicdan zəiflədikcə, birlik yox olar, insanlar bir-birinə yaddır, hətta təhlükədir kimi baxmağa başlayar.
Bizə yenidən “can qardaşı”, “göz aydınlığı”, “həmdərd” kimi sözləri hiss etdirəcək bir mühit lazımdır. Bunun üçün isə nə böyük qanunlar, nə bahalı layihələr gərəkdir — sadəcə insanın içindəki insanı oyatmaq yetərlidir.


