gundem / sosial / bolge / Cəmiyyət
23.07.2025, 12:15
Bərdənin Torpaq Problemi: İcra Strukturlarından Qanunsuz Təsir!
"dogruxeber.tv" xəbər verir ki, redaksiyamızın elektron poçt ünvanına Bərdə rayon sakinləri tərəfindən müraciət daxil olub.
Müraciətdə bildirirlir ki, "Bərdə rayonunda bələdiyyə torpaqlarından istifadə və icarə prosesi artıq uzun müddətdir ki, qanunlara deyil, bəzi məmurların şəxsi qərarlarına əsasən həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən qanunsuz şəkildə tələbat qoyulub ki, guya vətəndaşlar bələdiyyə torpaqlarından 5 ildən artıq müddətə istifadə edə bilməzlər. Halbuki mövcud qanunvericilikdə belə bir məhdudiyyət nəzərdə tutulmayıb. Bu şərt fermerlərin planlı kənd təsərrüfatı fəaliyyəti üçün ciddi maneə yaradır.
Ən narahatedici məqamlardan biri odur ki, torpaq icarəsinə dair keçirilən hərraclara bəzən torpaqdan faktiki istifadə edən şəxsdən əlavə, məqsədli şəkildə kənar adamlar da daxil edilir. Bu, şəffaflıq prinsipinə ziddir və yerli icra strukturlarının prosesə qeyri-qanuni müdaxiləsi ilə həyata keçirilir.
Məsələnin daha da düşündürücü tərəfi isə odur ki, İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ələkbərov Damət Qasım oğlu hərrac komissiyasının tərkibinə daxil edilib və proseslərə birbaşa müdaxilə edir. Onun bu sahədə hüquqi səlahiyyəti olmadığı halda, komissiya üzvü qismində çıxış etməsi və torpaq bölgüsünə təsir göstərməsi açıq qanun pozuntusudur. Hətta o, bütün proseslər barədə rayon rəhbərliyinə "məlumat daşıyıcısı" rolunu oynayır.
Ən acınacaqlısı isə odur ki, bu cür halların nəticəsində yerli fermerlər və sahibkarlar böyük maddi və mənəvi zərərlə üzləşir, onların torpaqla bağlı hüquqları pozulur, gələcəklə bağlı planları alt-üst olur. Kadr siyasəti sahəsində də ciddi pozuntular müşahidə olunur. Belə ki, Mehtiyeva Leyla Samir qızı adlı şəxs rəsmi olaraq müvafiq icra nümayəndəliyində çalışdığı halda, icra aparatında ona xüsusi otaq və iş şəraiti ayrılıb. Bu hal struktur və vəzifə bölgüsü qaydalarının pozulması, eyni zamanda müəyyən şəxslərə qeyri-qanuni imtiyaz verilməsi kimi qiymətləndirilə bilər. Belə halların digər əməkdaşların da motivasiyasına və ümumi idarəçilik keyfiyyətinə mənfi təsir göstərdiyi danılmazdır."
P.S: Qeyd edək ki, vətəndaş müraciətilə bağlı aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xitməti, Kənd Təsərrüfatı Nazirliyi və Bərdə rayon İcra Hakimiyyətinə tərəfimizdən rəsmi sorğular göndərilib. Qarşdakı günlərdə sözügedən məsələ barəsində adı çəkilən qurumların mövqeyi ilə bərabər daha ətraflı məlumatları təqdim edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır!
dogruxeber.tv


