gundem / Cəmiyyət / Mədəniyyət
27.09.2025, 13:30
Bir xalqın süfrə mədəniyyəti onun kimliyidir
Xalqın tarixi yalnız savaşlarla, dövlətlərlə və siyasətlə ölçülmür. Həqiqi kimlik, gündəlik həyatın içində – insan davranışlarında, adət-ənənələrdə, dilin incəliyində və xüsusilə də süfrə başında öz əksini tapır. Qida mədəniyyəti, yemək bişirmə üsulu, süfrə düzümü, paylaşma adəti və qonaqpərvərlik mədəniyyətin həm sosial, həm də mənəvi qatlarını formalaşdıran əsas göstəricilərdəndir.
“DogruXeber.tv” olaraq süfrə mədəniyyətini bir xalqın kimlik kartı kimi dəyərləndirir və bu mövzuya mədəni antropologiya nöqteyi-nəzərindən baxırıq.
Azərbaycan süfrəsi minillərlə formalaşmış zövqün, coğrafi zənginliyin və dərin ənənələrin məhsuludur. Təkcə plovun 200-dən çox növü, çörəyin onlarca forması, qonaq üçün xüsusi çay mərasimi və ya novruz süfrəsindəki simvolik yeməklər bu mədəniyyətin nə qədər incə və təbəqəli olduğunu sübut edir. “DogruXeber.tv” qeyd edir ki, milli mətbəx yalnız qidanın hazırlanması deyil, həm də dəyərlərin ötürülməsi vasitəsidir. Böyük süfrə açmaq, yeməyi paylaşmaq, qonağa hörmət etmək və süfrədə sükut və ya dua ilə başlayan yemək ənənələri bir xalqın estetikası, əxlaqı və dünyagörüşüdür.
Süfrə tərbiyəsi ailədən başlayır və bu prosesin içində həm uşaq böyüyür, həm də cəmiyyətin gələcəyi formalaşır. Hər bölgənin özünəməxsus yemək tərzi, istifadə etdiyi ədviyyatlar və qidalanma rejimi var. Qarabağda meyvəli yeməklər, Şəkidə şirinliklər, Naxçıvanda turşulu yeməklər, Lənkəranda düyü və balıq mədəniyyəti bir-birindən fərqli ləzzət dünyaları təqdim etsə də, hamısı eyni mədəni kimliyin fərqli tonlarıdır.
Bir xalqın süfrəsi onun kollektiv yaddaşıdır. Burada tarix də var, mifologiya da, coğrafiya da, hətta musiqi də. Bayram süfrələri ilə yas süfrələri arasında olan fərq belə xalqın emosional və sosial dünyasının incəliklərini açıq şəkildə göstərir. Yasda sadə yeməklərin verilməsi, bayramda bolluq və rəngarəngliyin ön planda olması təkcə adət deyil, sosial kodlaşdırmadır.
Süfrə həm də müqəddəsdir. Ona görə yemək israfı günah sayılır, çörəyə hörmətsizlik ədəbsizlik kimi qəbul olunur. Bu baxımdan süfrə mədəniyyəti dini və etik sistemlə də sıx bağlıdır. Süfrədəki davranış formaları – böyükdən əvvəl yeməyə başlamamaq, sağ əllə yemək, axırda dua etmək – bu davranışlar əsrlərlə formalaşmış və milli şüurla bərkiyib.
Qloballaşmanın sürətli temposunda xalq mətbəxləri fast-food mədəniyyəti qarşısında zəifləməyə başlasa da, milli süfrə kodları həm turizm baxımından, həm də mədəni suverenliyin qorunması üçün strateji əhəmiyyətə malikdir. Öz süfrəsinə sahib çıxmayan xalq, zamanla öz kimliyini də itirə bilər.


