gundem / maraqli / Cəmiyyət
22.10.2025, 13:30
Ağıl səsləri: beynimiz bizimlə danışırmı
İnsan beyninin ən sirli funksiyalarından biri də daxili nitq, yəni beynin öz içində səsləndirdiyi düşüncələrdir. Bəzən bu səslər sakit bir fikir axını kimi baş verir, bəzən isə aydın və konkret cümlələrlə, hətta fərqli bir “səs tonu” ilə eşidilir.
"DogruXeber.tv" yazır ki, daxili danışıq bir çox insanda gündəlik qərarvermədən tutmuş emosional reaksiya formalaşmasına qədər müxtəlif situasiyalarda ortaya çıxır və onun beyindəki nevroloji əsasları artıq müəyyən dərəcədə araşdırılıb.
Neyropsixologiyaya görə, bu fenomen beynin prefrontal korteks, Broka sahəsi və daxili eşitmə sistemləri ilə əlaqəlidir. Araşdırmalar göstərir ki, beynimiz düşüncələri emal edərkən, sanki danışırmış kimi bir vəziyyət yaradır və bu “səs” bəzən şüurun fərqinə varmadan beyin tərəfindən simulyasiya edilir. Eyni zamanda, daxili danışıq zamanı aktivləşən beyin sahələri real danışma zamanı aktivləşən sahələrlə böyük ölçüdə üst-üstə düşür. Bu, beynin danışma təcrübəsini təkrarlayaraq düşüncəni strukturlaşdırdığına işarədir.
Bəzi hallarda insanlar bu daxili səsləri özlərindən fərqli bir varlıq kimi qavrayır. Bu zaman mistik və ya psixotik yanaşmalar ortaya çıxır. “DogruXeber.tv” bildirir ki, şizofreniya və bəzi nevroloji pozuntular zamanı baş verən halüsinasiyalarla, sağlam insanların eşitdiyi daxili səslər arasında ciddi fərq olsa da, beyindəki mexanizmlərin oxşarlığı diqqət çəkir. Sağlam daxili nitq, insanın öz-özünə təhlil etmə, planlaşdırma və emosional balans yaratması üçün bir vasitədir. Bununla yanaşı, meditasiya və təkrarlanan düşüncə nümunələri bu səsləri gücləndirə və ya sakitləşdirə bilər.
Elmi yanaşmadan fərqli olaraq, bir çox fəlsəfi və dini mənbələr bu daxili səsləri insanın “ruhi yönü” ilə əlaqələndirir. Bəzən bu səslər intuisiya, yəni daxilən bir şeyi “bilmək” hissi kimi də qəbul edilir. Fərdi şüurun dərin qatlarından gələn bu səslər, insanın mənlik anlayışını formalaşdırmasında mühüm rol oynayır. Beyində tək bir “mərkəz” yox, fərqli sahələrin paralel işləməsi nəticəsində yaranan bu daxili monoloqlar bəzən sanki “ikili danışıqlar” halını alır. Bu da insan şüurunun vahid yox, çoxqatlı və kompleks bir struktur olduğunu göstərir.
Müasir elm bu səsləri beyindəki neyron əlaqələrin, elektrik impulslarının və daxili nitqin bir forması kimi izah etsə də, onların mənəvi və simvolik yönü hələ də tam açıqlanmayıb. Belə görünür ki, ağıl səsləri təkcə beyin fəaliyyəti deyil, həm də insanın içində daşıdığı özünüdərk səviyyələrinin səsinə çevrilmiş halıdır. Bəlkə də bu səslər insanla öz ruhu arasında körpü rolunu oynayır və fərdin kimliyinin ən gizli qatlarını da əks etdirir.


