Şəkidə yalançı qalxanlı mumlu yastıcası aşkar edilib

Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şəki rayonunun park və xiyabanlarında fitosanitar müşahidələr aparılıb və parklarda əkilmiş 65 ədəd müxtəlif dekorativ bitkilərdə karantin obyekti hesab edilən yaponiya yalançı qalxanlı mumlu yastıcası (Ceroplastes japonicus Green.) ilə sirayətlənmə aşkar edilib.
Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, mütəxəssislər tərəfindən adıçəkilən zərərvericilərə qarşı dövlət büdcəsindən ayrılmış vəsait hesabına korumaqor (2 l/ha) insektisidi ilə kimyəvi mübarizə aparılıb.
Məlumat üçün bildirək ki, yaponiya yalançı qalxanlı mumlu yastıcası əsasən Lənkəran, Astara, Masallı, Abşeron və Göyçay rayonlarında ocaqlar şəkində yayılıb. Zərərverici alma, armud, gilas, albalı, tut, xurma, feyxoa, yemiş, zoğal, dəfnə, çay, əncir, portağal, narıncı və s. bitkilərlə qidalanaraq çoxalır. Əsasən əkin materialı ilə yayılır.


