gundem / sosial / Cəmiyyət
19.08.2025, 17:15
“Əmək yarmarkası” deyil, ümidsizlik festivalı
Qapıda “İŞ VAR!” yazılıb. İri hərflərlə. Altında da loqolar, şirkət adları, bəzi tanınmış brendlərin şəkli. İçəri girirsən – sən demə, iş yox, sadəcə ümidsizliyin bir mərkəzləşdirilmiş versiyası var.
“dogruxeber.tv” olaraq iştirak etdiyimiz əmək yarmarkası tədbiri bu dəfə də klassik Azərbaycan “PR tədbiri” formatına tam uyğun idi: kamera var, çıxışlar var, stendlər var... amma real vakansiya – yox.
İş axtaran gənclər zalda sanki sərgi iştirakçıları kimi gəzirlər: əllərində CV, gözlərində həyəcan, lakin qarşılarında oturan HR nümayəndələrinin üzündəki reaksiya – eyni şablon: “Biz baxarıq”, “Hazırda uyğun yer yoxdur”, “Saytımıza müraciət edin”.
Əmək yarmarkası bu gün bir çox gənc üçün sadəcə "rəsmi ümid günü”dür. Orda “tanışın yoxdursa”, CV-nin içində Nobel mükafatı da yazılsa, fərqi yoxdur. Kimisi “iş təcrübən azdır” cavabı alır, kimisi də “biz ancaq satış nümayəndəsi axtarırıq”. Sən isə memarlıq oxuyubsan.
“dogruxeber.tv” əməkdaşının danışdığı iştirakçılardan biri deyir:
“Məncə bu tədbir daha çox foto çəkmək üçündür. Bir neçə kamera gəldi, çəkdi, getdi. Biz isə burda qaldıq, eyni problemlə.”
Görünən odur ki, bu yarmarkalar işsizliyi azaltmır, sadəcə statistikanın üzərində kosmetik makiyaj rolunu oynayır. İclas otaqları dolur, hesabatlar yazılır, ancaq real nəticə – çox zaman sıfıra yaxın.
Əmək bazarının tələbləri, ali təhsil sisteminin verdikləri, və gənclərin reallıqları arasında dərin bir uçurum var. Bu yarmarkalarda isə sanki bu uçurumun üstünü tüllə örtüb “hamı üçün fürsət var” deyirlər.
“dogruxeber.tv” hesab edir ki, gənclər üçün təşkil edilən istənilən tədbir, sadəcə görüntü üçün yox, real istiqamətləndirici, faydalı və məqsədli platformaya çevrilməlidir. Əks halda, “əmək yarmarkası” deyil, hər dəfə ümidsizlik festivalına çevrilir – və hər iştirakçı o festivaldan biraz daha inamsız ayrılır.


