gundem / sosial / Cəmiyyət
2.08.2025, 10:45
Əlillik statusu almaq: reallıqlar və çətinliklər
Əlillik statusu – bu, təkcə bir tibbi diaqnoz deyil, həm də sosial təminat və dövlətin qayğı və dəstəyi anlamına gəlir. Amma təəssüf ki, ölkəmizdə bu proses bəzən vətəndaş üçün tükəndirici, ağır və məyusedici bir mübarizəyə çevrilir.
“dogruxeber.tv” redaksiyasına daxil olan çoxsaylı müraciətlərdən məlum olur ki, əlillik təyinatı ilə bağlı prosedurlar şəffaflıq və ədalət baxımından hələ də ciddi suallar doğurur. Tibb müəssisələrində verilən rəy, tibbi-sosial ekspertiza komissiyalarının qərarları, sistemdəki texniki nasazlıqlar və insan faktoru – bunların hər biri bəzən real ehtiyacı olan şəxsin əlillik statusu ala bilməməsi ilə nəticələnir.
Bəzən isə insan orqanizminin ciddi funksional pozuntusu, o cümlədən amputasiya olunmuş əza və ya ağır nevroloji xəstəliklər belə, sistemin “meayarlarına” uyğun gəlmədiyi üçün statusla nəticələnmir. Əlillik dərəcəsi ləğv olunan şəxslər isə dərmansız, müalicəsiz, dəstəksiz qalır. Bu zaman onların sosial yardıma çıxışı da bağlanır. Hökumət bu istiqamətdə islahatlar aparsa da, icra səviyyəsindəki boşluqlar azalmayıb.
Əlillik statusu olmadan nə pensiya, nə sosial yardım, nə də reabilitasiya imkanları var. Bu isə vətəndaşın təkcə sağlamlıq deyil, eyni zamanda sosial və hüquqi cəhətdən də ikinci dəfə əlilləşməsi deməkdir. “dogruxeber.tv” olaraq bu sahədəki bütün nöqsanların araşdırılmasını və ictimailəşdirilməsini davam etdirəcəyik.


