gundem / sosial / Cəmiyyət
21.08.2025, 10:15
Texnologiyanın kiçik yaşlı beyinlərə böyük təsiri
Uşaqların gündəlik həyatına texnologiyanın bu qədər tez daxil olması artıq adi bir hal alıb. Valideynlər, çox zaman rahatlıq məqsədilə, övladlarına çox erkən yaşlardan telefon və planşet verir, bununla da onların uzun müddət sakit qalacağını düşünürlər. Lakin bu qərar hər nə qədər gündəlik çətinlikləri azaltsa da, gələcəkdə ciddi problemlərin başlanğıcı ola bilər.
"dogruxeber.tv" olaraq araşdırmalarımıza əsasən deyə bilərik ki, uşaq yaşda texnologiya ilə davamlı təmas beyinin inkişafına, sosial bacarıqlara və emosional tarazlığa birbaşa təsir göstərir.
Həkim və psixoloqların fikrincə, erkən yaşda ekran qarşısında çox vaxt keçirmək uşaqlarda nitq ləngiməsinə, diqqət pozğunluğuna və hiperaktivliyə səbəb ola bilər. Digər tərəfdən, uşaq real dünya ilə təmasdan uzaq qalaraq, sosial münasibətlər qurmaqda çətinlik çəkə bilər.
“dogruxeber.tv” bu kontekstdə bildirir ki, bəzən valideynlər bu cihazları tərbiyə vasitəsi kimi istifadə edir, halbuki bu, uşağın davranışlarını yönləndirmək üçün doğru üsul deyil. Valideyn nəzarəti olmadan və saatlarla davam edən texnoloji istifadə, uşaq psixologiyasını zədələyə bilər.
Ən doğru yanaşma, texnologiyanı uşağın həyatına nəzarətli şəkildə, tədris və inkişaf məqsədilə daxil etməkdir. Valideynlər üçün bu balansı qurmaq asan olmasa da, gələcək üçün çox vacibdir. Çünki uşağın formalaşmasında ilk illər həlledici rol oynayır.


