gundem / dunya
15.07.2026
Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır
Fransada qeydə alınan kəskin isti hava şəraiti səbəbindən son bir aydan az müddət ərzində 142 nəfər suda boğularaq həyatını itirib.
DogruXeber.tv xəbər verir ki, bu barədə BFMTV kanalı Fransanın idman naziri Marina Ferrariyə istinadən məlumat yayıb.
Təqdim olunan statistik rəqəmlər iyun ayının 19-dan sonrakı dövrə aiddir. Nazir bildirib ki, suda boğularaq ölənlərin sayı keçən ilin eyni göstəricisi ilə müqayisədə 20% daha çoxdur.
M.Ferrari ölüm hallarının bu cür artımını kəskin hava şəraiti ilə əlaqələndirib. Çünki havanın yüksək temperaturu səbəbindən vətəndaşlar sərinləmək məqsədilə su hövzələrinə daha çox üz tuturlar.
Eyni zamanda, ölüm hallarının 55%-i çimmək üçün təchiz olunmayan və ya xilasedicilər tərəfindən nəzarət edilməyən yerlərdə baş verib. İdman naziri əhalini su hövzələrinə gedərkən daha diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.



