gundem / sosial / Cəmiyyət
16.08.2025, 11:00
Daxilən depressiyalı cəmiyyət – Qayğısız görünən, amma qaranlıqda qalan hisslər
Baxışlar üzərində, gülüşlər arxasında bəzən görünməz bir yük daşıyırıq. İnsanların çoxu özünün daxili dünyasında baş verən fırtınaları başqalarından gizlətməkdə mahirdir. Qayğısız, xoşbəxt və problemlərsiz cəmiyyət kimi görünməyə çalışsaq da, bəzən bu görüntü altında dərin, görməzdən gəlinən bir depresiya yerləşir.
“dogruxeber.tv” ilə apardığımız söhbətlər zamanı insanların çoxunun daxildə yaşadıqları duyğularla baş etməyə tək başına çalışdığı ortaya çıxdı. Sosial mühitdə özlərini ifadə etməkdən çəkinir, kömək istəmək isə nəinki ayıbdır, bəzən zərurət hiss olunmur.
Cəmiyyətimizdə psixoloji sağlamlıq məsələləri hələ də tabu mövzu olaraq qalır. İnsanlar öz depressiyalarını, narahatlıqlarını açıq danışmaq yerinə, onları gizlətmək üçün müxtəlif yollar tapırlar. Bu isə vəziyyəti daha da ağırlaşdırır.
“dogruxeber.tv” ilə söhbət edən bir gənc belə deyir: “Daxildəki bu qaranlıqla tək qalmaq çox çətindir, amma ətrafda anlayan yoxdur”. İctimai təzyiq, uğur və güclü olmaq məcburiyyəti insanların öz duyğularını ifadə etməsini məhdudlaşdırır və beləliklə, daxili depressiya dərinləşir.
Bu gizli müharibə insanları həm fiziki, həm də ruhi olaraq yorur. Ailədə, işdə və ümumi sosial həyatda görünməyən bu ağır yükün altında çoxları sarsılır. Depressiyanın simptomları çox vaxt səhv başa düşülür və ya cəmiyyətdəki “güclü ol” çağırışları onu görməməzliyə vurur. Lakin bu məsələ ilə bağlı ictimaiyyətin məlumatlandırılması, psixoloji dəstəyin artırılması, “Daxilən depressiyalı cəmiyyət” mövzusunun açıq şəkildə müzakirə olunması zəruridir.


