gundem / sosial / Cəmiyyət
16.08.2025, 10:45
Rüşvətə adət kimi baxmaq – mədəniyyətə çevrilmiş problem
Azərbaycanda rüşvət çoxdan yalnız qanunsuz bir əməl kimi yox, gündəlik həyatın adi bir detalı kimi qəbul edilməyə başlayıb.
“dogruxeber.tv” olaraq cəmiyyətin müxtəlif təbəqələrində apardığımız müşahidələr onu göstərir ki, bir çox insanlar rüşvət verməyi və ya almanı artıq ayıb və ya qorxulu bir hal kimi yox, “işlərin yoluna düşməsi üçün vacib” sayılan məqam kimi görür. Bu, təkcə inzibati idarələrdə və ya yüksək səviyyəli strukturda deyil, təhsil, səhiyyə, bələdiyyə və məişət səviyyəsində də özünü göstərir. Xidmətin keyfiyyəti ya da sürəti bəzən məhz “hörmət” adı ilə verilən məbləğlə müəyyən olunur. İllərlə bu praktikanın davam etməsi, onu qanunsuzluqdan çıxarıb normal sayılan davranışa çevirib.
Bəzi insanlar bu vəziyyəti tənqid etsələr də, praktiki baxımdan özləri də həmin sistemin bir hissəsinə çevrilirlər. Çünki bu gündəlik çarəsizlik və sistemsizliyin içində alternativ yol axtarmaq ya təhlükəli, ya da nəticəsiz görünür. Vətəndaşların bir çoxu ehtiyac duyduğu xidmətə tez və problemsiz çatmaq üçün öz iradəsinə zidd olaraq belə addımlar atmağa məcbur qalır. Bu da zamanla rüşvəti adi qarşılanan, hətta haqlı sayılan hərəkətə çevirir.
“dogruxeber.tv” üçün xüsusi diqqət çəkən fakt ondan ibarətdir ki, bir çox insanlar bu haldan narazı olsa da, paralel olaraq rüşvət alana yox, verməyə məcbur olduğu üçün özünü günahsız sayır və məsuliyyəti sistemin üzərinə atır.
Rüşvətin bu qədər yayılması və sosial qəbul olunması cəmiyyətin sağlamlıq göstəricilərini tədricən zədələyir. İctimai etimadın pozulması, vicdanlı insanların sistemdən uzaqlaşması, peşəkarların geri planda qalması və sonda gənc nəslin bu münasibətə öyrəşməsi gələcəyin daha da çətinləşəcəyini göstərir. Bu hal artıq yalnız qanunsuzluq deyil, kollektiv bir düşüncə halına gəlibsə, mübarizə təkcə qanunla yox, həm də mədəniyyətin və təfəkkürün dəyişməsi ilə mümkün olacaq.


