gundem / sosial / Cəmiyyət
18.08.2025, 16:15
Yeni bina həyətlərində heç kim bir-birini tanımır: Şəhərdə təklik epidemiya kimi
Divarlar içində unudulan adamlar
Yeni tikililərin həyətləri illər əvvəlki məhlələrin səsini eşitmir. Nə kiminsə uşağının adı çağrılır, nə də kiminsə pəncərəsindən “çay iç” səsi gəlir. Hər kəs öz mənzilində, hər kəs öz otağında, hər kəs öz ekranında.
“dogruxeber.tv” müşahidə edir ki, bu binalar yalnız fiziki yox, sosial baxımdan da təcrid qurğusuna çevrilib.
Yeni binalarda yaşayan ailələr qonşusunun adını bilmir. Liftdə salamlaşmaq belə artıq qeyri-təbii hal alıb. Qapılar örtülüdür, həyat isə divarlar arxasında axır.
“dogruxeber.tv” yazır ki, bu vəziyyət bir növ şəhər tənhalığının modern formasıdır. İnsanlar təhlükəsizliyə, sakitliyə, öz rahatlığına çəkildikcə, bir-birilə əlaqə tamamilə kəsilir.
Köhnə məhlələrdə bir-birini görmək, tanımaq, qarışmaq hissi vardı. İndi isə şəhərin mərkəzində belə insanlar yüzlərlə insanla eyni binada yaşayıb, bir nəfəri belə tanımadan illərlə orada qala bilir. Təhlükə təkcə tənhalıqda deyil, bu tənhalığın artıq normal qəbul olunmasındadır.


